Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin ictimai müzakirəsi keçirildi.
Bu cür ictimai dinləmələrin keçirilməsi artıq yaxşı ənənə halını almaqdadır. Millət vəkilləri Azay Quliyevin və Əli Hüseynlinin təşəbbüsü ilə keçirilən bu görüşdə Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşın qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı qanun layihəsinin həm prinsip və məqsədləri, qanunun fəlsəfəsi, eyni zamanda qanunun tətbiqi perspektivləri ilə bağlı prosedur və texniki xarakterli məsələlər müzakirə olundu.
Şəxsən mən belə hesab edirəm ki, qanun layihəsi mahiyyət etibarilə birbaşa demokratiya məhvumuna uyğundur, vətəndaşların dövlət idarəetməsi məsələlərində qərarqəbuletmə prosesində iştirakçılılığının artırılması istiqamətində atılan xoşniyyətli addımdır. Sadəcə olaraq bu cür spesifik qanun layihəsi ilk dəfə olaraq hazırlandığına görə mümkündür ki, bəzi texniki prosedur məsələlərə yenidən baxmağa ehtiyac vardır.
Bu məqsədlə işçi qrupun formalaşması və gələcəkdə qanun layihəsi ilə bağlı daha detallı müzakirəsi nəzərdə tutulur.
Ramil İskəndərli