Milli Məclisin son iclasında “Gənclər siyasəti haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə haqqında (üçüncü oxunuş) parlamentin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev məlumat verərək bildirdi ki, dəyişikliyə əsasən Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri artırılır.
Dəyişikliklə “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsində hansı xidmətlərin göstərilməsi müəyyənləşib.
Sənədə edilən dəyişikliklə gənclər təşkilatlarının üzvlərinə yaş məhdudiyyəti tətbiq edilib. Qeyd edilir ki, gənclər təşkilatları gənclərin problemlərinin müəyyən edilməsi, həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədilə 16 yaşdan 35 yaşınadək olan fiziki şəxslər tərəfindən təsis edilən qeyri-hökumət təşkilatlarıdır. Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilir.
Müzakirələr zamanı deputat Vahid Əhmədov 35 yaşla bağlı məsələyə aydınlıq gətirilməsini istədi. Onun fikrincə, gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 45 yaşı tamam olduğu andan xitam verilməlidir. Bununla əlaqədar müraciətlər çoxdur, sosial şəbəkələrdə də müzakirələr aparılıb.
Milli Məclisin Sədri Oqtay Əsədov isə Vahid Əhmədova cavab olaraq bildirdi ki, dünyanın hər yerində yaş həddi qoyulur: “Elə ölkələr var ki, bu hədd 28, elə ölkələr də var ki, 35 yaş müəyyən edir”. Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edildi.
Mənbə: “Azərbaycan” qəzeti, 6 mart 2019, Nömrə 53 (8076) “Milli Məclisin iclasında”, səh. 3. http://www.azerbaijan-news.az/uploads/1551820139.pdf
Bu sənəd də səsverməyə çıxarılaraq qəbul edildi.