Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsinin yaradılması məqsədilə memorandumun imzalanması mərasimi keçirilib.
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, şəbəkənin təşəbbüs qrupunun üzvü Ramil İskəndərli bildirib ki, “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsinin təşəbbüs qrupunun yaradılması ideyası bu il yanvarın 31-də, “Araşdırmalar mərkəzləri niyə vacibidir?” mövzusunda vətəndaş cəmiyyəti təsisatları üçün təşkil olunan tədbirdə irəli sürülüb. O deyib ki, şəbəkənin əsas məqsədi Azərbaycanda ictimai-siyasi münasibətlərin müxtəlif sahələri üzrə təhlil və tədqiqat işləri vasitəsilə dövlət siyasətinin həyata keçirilməsinə vətəndaş cəmiyyəti təşkilatlarının və mütəxəssislərin potensialının səfərbər edilməsi ilə dəstək göstərməkdir: “Hazırda Azərbaycanda iqtisadi, sosial təminat, hüquq, dövlət idarəçilik sistemində və digər sahələrdə aparılan islahatlar ölkədə mövcud olan araşdırma mərkəzlərinin ölkənin inkişafına yönəlmiş təhlil və təkliflərinə ehtiyac yaradıb”.
Təşəbbüs qrupunun üzvü, tədqiqatçı ekspert İsmayıl Kərimov “Azərbaycanda qərarların qəbul edilməsində beyin mərkəzlərinin əhəmiyyəti” mövzusunda çıxış edib. O, beyin mərkəzlərinin dövlət siyasətində faydaları, Azərbaycan tədqiqat ənənələri ilə bağlı problemlər və beyin mərkəzlərinin inkişafı üçün əsas istiqamətlərə dair fikirlərini bölüşüb.
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru, təşəbbüs qrupunun üzvü Fəxrəddin Həsənzadə bildirib ki, hazırda QHT sektorunda təlimçi-ekspertlərlə bağlı qeyri-müəyyənlik mövcuddur və aidiyyatı istiqamətlər üzrə ixtisaslaşmamış şəxslər ekspert kimi təlimçi funksiyasını yerinə yetirirlər. O, bu məsələdə şəbəkənin təşəbbüslə çıxış etməsini də məqsədəuyğun hesab edib.
Humanitar Tədqiqatlar Mərkəzinin direktoru, təşəbbüs qrupunun üzvü Əvəz Həsənov isə deyib ki, bu sahədə biliklərin artırılmasına və yeni kadrların formalaşmasına, ən əsası isə hökumətin strateji planlaşdırılmasında beyin mərkəziləri sahəsində ixtisaslaşmış kadrların məhsullarına ehtiyac var.
Hüquqşünas, təşəbbüs qrupunun üzvü Elmari Məmişov şəbəkənin fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün təbliğat işlərinin əhəmiyyətindən danışıb. Onun fikrincə, şəbəkə bu sahədə ixtisaslaşmış şəxslərin məhsullarının təqdimatı üçün zəruri addımlar atmalıdır.
Tarixçi-alim, təşəbbüs qrupunun üzvü Sübhan Talıblı şəbəkənin akademik institutlarla və xarici ekspertlərlə əməkdaşlığının zəruri olduğunu diqqətə çatdırıb. “Ümidli Gələcək” Gənclər Təşkilatının direktoru, təşəbbüs qrupunun üzvü Kəmalə Aşımova isə deyib ki, şəbəkə bu sahədə ixtisaslaşmış şəxslər üçün baza rolunu oynaya bilər və bu da kadr potensialının artması ilə nəticələnər.
Hərbi-siyasi analitik, təşəbbüs qrupunun üzvü Ramil Məmmədov şəbəkənin bu sahədə ixtisaslaşmış şəxslər üçün platforma rolunu oynayacağına əminliyini söyləyib. Onun sözlərinə görə, şəbəkə daha geniş auditoriyanı əhatə edə biləcək.
Daha sonra “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsinin yaradılmasına dair memorandum imzalanıb. Memorandumu bu sahədə ixtisaslaşmış 10-dan artıq vətəndaş cəmiyyəti üzvləri imzalayıblar. Memoranduma əsasən, şəbəkə hüquq, müdafiə, təhlükəsizlik, iqtisadi, təhsil, enerji, ətraf mühit, xarici siyasət, beynəlxalq əlaqələr, səhiyyə, elm və texnologiya, sosial, media, şəffaflıq və idarəetmə, humanitar, gənclər, qida və su təhlükəsizliyi, turizm, münaqişələrin həlli ilə bağlı vəziyyətin təhlili, lobbiçilik və diaspora, tarixi araşdırmalar,milli dövlətçilik siyasəti istiqamətlərinə dair analitik materiallarla fəaliyyətini quracaq.
Qərara alınıb ki, periodik olaraq ekspertlər arasında görüşlər təşkil olunsun, tədqiqatçılar və ekspertlər barədə onlayn məlumat bazasının yaradılsın, gənc mütəxəssislərin formalaşmasına dəstək verilsin, ictimai əhəmiyyətli məsələlərin birgə təhlili və proqnozlaşdırılması aparılsın.
“Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsinin fəaliyyətinin texniki-təşkilati təminatı məqsədilə Katiblik funksiyasını isə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi həyata keçirəcək.